“Prezident İlham Əliyevlə çox müsbət görüşümüz baş tutdu. Çox açıq bir dialoq idi, Prezident dərhal bütün sualları cavablandırmağa başladı və heç birini cavabsız qoymadı”.
Bu fikirləri “Report”a rusiyalı politoloq, “Avrasiya İnkişafı” ekspert mərkəzinin icraçı direktoru Stanislav Pritçin bu gün ADA Universitetində Azərbaycan Prezidentinin iştirakı ilə keçirilmiş “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransı şərh edərkən bildirib.
“Ümumiyyətlə, bu açıq formatdır, fərqli qitələrdən fərqli baxışları olan mütəxəssislər iştirak etdi. Fikrimcə, bu, çox müsbət haldır. Ümumiyyətlə, münaqişənin həlli konturları, bölgənin gələcəyi, qırmızı xətlər, risklər və Azərbaycanın narahatlıqları qeyd olundu. Mənə elə gəlir ki, müzakirəmiz əsnasında Azərbaycanın yanaşması və gələcəyə baxışı haqqında ümumi bir mənzərə əldə etdik. Burada, Prezidentin də dediyi kimi, bir çox məsələlərdə top artıq Ermənistanın tərəfindədir və çox şey onun yanaşmasının nə dərəcədə konstruktiv və praqmatik olacağından asılıdır”.