Politoloq: "Radioaktiv tullantılar Ermənistan üçün ticarət obyektinə çevrilib"

Politoloq: "Radioaktiv tullantılar Ermənistan üçün ticarət obyektinə çevrilib" "Bundan qonşu dövlətlər zərər çəkə bilər"
Region
19 Aprel , 2021 16:50
Politoloq: Radioaktiv tullantılar Ermənistan üçün ticarət obyektinə çevrilib
Tofiq Abbasov

“Metsamor atom elektrik stansiyasından illərdir çıxarılan radioaktiv maddələrin və resursların satılması erməni cinayətkarları üçün adi bir haldır. Bu cinayətkarlar əslində müstəqillik illərində və xüsusən də ilk prezident Levon Ter Petrosyanın gedişindən sonra yeni hökumətlə, daha doğrusu, Robert Köçaryanın rəhbərlik etdiyi hərbi xunta ilə, daha sonra isə Serj Sarqsyanla qaynayıb-qarışıblar”.

Bu fikirləri “Report”a politoloq Tofiq Abbasov bildirib.

Aprelin 16-da Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Kutaisi şəhərində amerisium-241 radioaktiv maddəsini qanunsuz satmağa cəhd göstərmiş iki nəfəri saxlayıblar. Bu, son bir neçə ildə ilk belə hadisə deyil.

Bir qədər öncə, Ermənistan vətəndaşı Militos M. torium radioaktiv maddəsini Gürcüstan ərazisindən Rusiyaya keçirmək istəyərkən Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən tutulub. 2016-cı ilin aprelində 6 nəfər Tbilisidə uran-238 radioaktiv maddəsini satmağa çalışarkən tutulub. Həmin ay Gürcüstan dövlət təhlükəsizlik əməkdaşları radioaktiv uranı satmağa çalışarkən daha 5 cinayətkarı saxlayıblar.

“İşğalçı Ermənistan ətrafında iqtisadi azadlıqlar həlqəsi daraldıqca, orada kölgə əməliyyatları inkişaf etməyə başlayıb və çox qəribədir ki, radioaktiv tullantılar da bu respublikanın hakim dairələri üçün ticarət obyektinə çevrilib”, – T.Abbasov deyib.

Onun sözlərinə görə, Azərbaycanın, əlbəttə ki, işğal olunmuş ərazilərin işğalçılar tərəfindən “böyük qara bazar zonasına” çevrildiyi, burada narkotiklərin və qadağan edilmiş silah növlərinin alverinin sürətləndiyi barədə məlumatı var idi: “İqtisadi asfiksiyaya görə böyük çətinliklər yaşayan Ermənistan Respublikasının satmağa məcbur olduğu bu materialların siyahısında nüvə tullantıları da var idi”.

“Bu vəziyyətdə, mənə elə gəlir ki, həm Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin, həm də bu atom qurğusunun yaradıcısı olan Rusiyanın dövlət korporasiyası “Rosatom”un üzərinə böyük məsuliyyət düşür. Çox təhlükəli və məsuliyyətsiz siyasət yürüdən Ermənistan kimi bir ölkəyə atom elektrik stansiyası kimi ciddi bir obyektin aqibətini etibar etmək özlüyündə qəbuledilməzdir və çox risklidir”, - o əlavə edib.

“2016-cı ilin aprel hadisələrini xatırlayaq: erməni hərbçiləri Azərbaycan Ordusunun 90-cı illərin əvvəllərində beynəlxalq terrorçu internasionalının və yeni yaradılmış Ermənistan ordusunun hücumlarına çətinliklə tab gətirən həmin ordu olmadığını gözləmirdilər. Yaddaşım məni aldatmırsa, Ermənistanın ilk baş nazirlərindən biri olan Hrant Baqratyan 2016-cı ildə parlamentdə deputat olarkən Azərbaycana qarşı “çirkli bomba”dan istifadə məsələsini qaldırmışdı. Bunun da öz paradoksal mahiyyəti var idi: ermənilər 2016-cı ildə dördgünlük müharibədə məğlub olmadıqlarını, əksinə qalib gəldiklərini deyirdilər, digər tərəfdən isə parlamentdə “çirkli atom bombası”dan istifadə məsələsi qaldırılırdı. Bu, belə bir məsuliyyətsiz ölkəyə bu cür ciddi obyektlərin etibar edilə bilməyəcəyinin daha bir sübutudur, çünki onlar hər an dəlilik edərək belə təhlükəli hərəkətə əl ata bilərlər ki, bundan da qonşu dövlətlər zərər çəkə bilər”, - T.Abbasov bildirib.

Politoloq bütün qonşu dövlətlərin - Gürcüstan, İran, Türkiyə və Rusiya Federasiyasının Metsamor AES-in taleyinə aydınlıq gətirmək üçün birgə çalışmalı olduqlarını vurğulayıb: “Onun işi dayandırılmalı və bununla da gələcək üçün az-çox proqnozlaşdırıla bilən ilkin şərtlər yaradılmalıdır. Çünki radioaktiv elementlərlə və tullantılarla alver edən şəbəkə olduqca bölgəmizdə yaşayan bütün insanlar üçün böyük risklər qalacaq və bu, ümumiyyətlə, atomun dinc məqsədlərlə istifadəsi kimi ciddi bir motivi qlobal baş ağrısına çevirəcək”+.

Son xəbərlər

Orphus sistemi