ABŞ Cənubi Qafqazda sabitləşdirici rol oynamayıb. Rusiya Ermənistanla bütün istiqamətlərdə əməkdaşlığı davam etdirməyə hazırdır.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu RF Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Birləşmiş Ştatlar Cənubi Qafqazda heç vaxt xüsusi sabitləşdirici rol oynamayıb, hətta bunun əksini demək olar. Bu fəaliyyətlər kontekstində ABŞ daim yeni ölkələri öz arxasınca çəkməyə çalışır", - o bildirib.
Bununla yanaşı, Peskov qeyd edib ki, Ermənistanın başqa ölkələrlə münasibətləri inkişaf etdirmək üçün suveren hüququ var.
"Bizim Ermənistanla ikitərəfli münasibətlərimiz var, bu münasibətləri yüksək qiymətləndiririk və bundan sonra da inkişaf etdirmək niyyətindəyik. İkitərəfli aspektlərdən əlavə, bizim üçün inteqrasiya prosesləri çərçivəsində, o cümlədən Avrasiya İqtisadi İttifaqında əməkdaşlığımızın aspektləri çox vacibdir", - o qeyd edib.
Xatırladaq ki, Ermənistan KİV-ləri xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Antoni Blinkenin bu gün axşam Vaşinqtonda strateji tərəfdaşlıq sənədi imzalayacaqları barədə məlumat yayıb.