Ermənistanın baş naziri Nikol Paşinyanla İşıqlı Ermənistan parlament fraksiyasının başçısı Edmon Marukyanın görüşü başa çatıb.
“Report” xəbər verir ki, məlumatı “Sputnik Armenia” yayıb.
Onun sözlərinə görə, Nikol Paşinyan Baş Qərargahın rəisi Onik Qasparyanın istefasını növbədənkənar parlament seçkiləri ilə əlaqələndirmir: “Mən təklif etdim ki, silahlı qüvvələri rahat buraxıb seçkilərə getmək lazımdır. Çünki seçkilərsiz ölkədə yaranmış böhrandan çıxmaq mümkün deyil”.
E.Marukyan bildirib ki, parlamentdə təmsil olunan Çiçəklənən Ermənistan Partiyası da mövqeyini açıqlayandan sonra müzakirə davam edəcək: “Bizim mövqeyimiz əsasında məsələni həll edilmiş saymaq olmaz”.
O, danışıqların nəhayət uğurla başa çatacağına ümidvar olduğunu söyləyib.
Ermənistanın baş naziri Nikol Paşinyan "İşıqlı Ermənistan" parlament fraksiyasının başçısı Edmon Marukyanı qəbul edib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, görüş martın 3-də keçirilməli idi, ancaq naməlum səbəblərdən bu gün baş tutur.
Görüşdə Ermənistandakı vəziyyət və növbədənkənar parlament seçkilərinin keçirilməsinə dair məsələlər müzakirə olunur. Görüş hökumət binasında keçirilir.
Bir müddət əvvəl Marukyan bildirmişdi ki, Nikol Paşinyana Onik Qasparyanın Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsindən azad edilməsi haqqında təqdimatını geri çəkməyi, bunun qarşılığında isə İşıqlı Ermənistan Partiyasının baş nazir postuna öz namizədini irəli sürməyəcəyi ilə bağlı hakimiyyətlə memorandum imzalamağı təklif etmişdi. Bundan sonra növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə qərar verilə bilər. Ancaq Paşinyan martın 1-də bildirib ki, nöbədənkənar seçkilərin keçirilməsi ilə bağlı məsələni müzakirə etməyə hazırdır: “Ancaq Baş Qərargahın rəisi tutduğu vəzifədən getməlidir”.