Ermənistan baş naziri Nikol Paşinyan Qafanda keçirilən müşavirə zamanı güc strukturlarının rəhbərlərinə onun Meğri şəhərinə gəlməsinə qarşı keçirilən aksiyaların təşkilatçılarını müəyyənləşdirib cəzalandırmağı tapşırıb.
“Report” xəbər verir ki, bu barədə “Novosti Armeniya” məlumat yayıb.
“Meğridəki insidentə toxunmaq istərdim. Aydın məsələdir ki, qanun pozulub. Respublikanın hüquq-mühafizə orqanlarının aydın və sərt reaksiya verəcəyini gözləyirəm, çünki Ermənistanda cəzasızlıq ab-havasının yaranmasına yol vermək olmaz”, - N.Paşinyan deyib.
İstintaq Komitəsinin nümayəndəsi baş nazirə cinayət işi açmaq üçün materialların hazırlandığını, eyni zamanda İstintaq Komitəsinə göndərilən cinayət işlərinin də olduğunu bildirib.
Xatırladaq ki, daha əvvəl Ermənistanın baş nazirinin Sünik (Zəngəzur) vilayətinə səfərinin qalmaqallı olduğu xəbər verilmişdi. Etiraz aksiyasının iştirakçılarının Paşinyanın avtomobil kortejinin qarşısına çıxdığı, baş naziri xəyanətdə ittiham etmələri və ondan vilayəti tərk etməyi tələb etdikləri yayılan məlumatları sırasında idi. Ara-sıra etirazçılarla polis arasında toqquşmalar da yaşanıb.