Partiya sədri: “Biz Türkiyəni terror təşkilatının qurbanına çevirə bilmərik”
- 26 may, 2023
- 15:17
Yeniliklərdən dərhal xəbərdar olun!
“Biz ölkəmizi terror təşkilatının qurbanına çevirə bilmərik”.
“Report”un Türkiyəyə ezam olunan əməkdaşının xəbərinə görə, bunu "Cümhur İttifaqı"nın üzvü olan Demokratik Sol Partiyanın sədri, Türkiyə Böyük Millət Məclisinin yeni seçilən deputatı Öndər Ağsaqqal İstanbulda keçirilən mitinqdə çıxışı zamanı deyib.
O xatırladıb ki, mayın 14-də baş tutan parlament seçkiləri nəticəsində "Cümhur İttifaqı" 323 deputat mandatı qazanıb və Türkiyənin bundan sonrakı müqəddəratını təyin edəcək: "Türkiyənin tərəddüd etməməli olduğu ən vacib dönəmdəyik. Biz ölkəmizi terror təşkilatının qurbanına çevirə bilmərik. Xalqımız Türkiyəni imperial sistemə təslim etməyəcək".
Partiya sədri vurğulayıb ki, mayın 14-də terror təşkilatlarının hər birinin səsi kəsilib: "Onlar parlament seçkisində məğlub olduqları üçün nə edəcəklərini bilmirlər. Türkiyə xalqı ən doğru qərar verəcək və saxta milliyyətçiləri, solçuları tarixin qaranlıq səhifələrinə göndərəcək".
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səs toplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata İttifaqı” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
S.Oğan ikinci turda R.T.Ərdoğanı dəstəkləyəcəyini açıqlayıb.