Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) artıq uzun müddətdir eks-prezident Mixeil Saakaşvilinin tərəfdarı olan siyasi qruplar tərəfindən gürcü xalqına qarşı alət kimi istifadə olunur.
Bu barədə "Report"un Gürcüstan bürosu xəbər verir.
Onun sözlərinə görə, AŞPA 2022-ci ildə Saakaşvilini siyasi məhbus kimi tanıyaraq, onun azadlığa buraxılmasını tələb edib.
Papuaşvili qeyd edib ki, yanvarda AŞPA-nın qəbul etdiyi Gürcüstanın suverenliyinə zidd qətnamədən sonra parlament nümayəndə heyəti qurumu tərk edib və hazırda Gürcüstanın AŞPA-da nümayəndə heyəti yoxdur.
Parlament sədri əlavə edib ki, Avropa İttifaqının (Aİ) büdcəsindən maliyyələşən lobbiçilik fəaliyyəti Gürcüstanda da açıq şəkildə hiss olunub.
“Parlament seçkiləri ərəfəsində Aİ-nin vəsaiti “Gürcü Arzusu”na qarşı seçki kampaniyası üçün istifadə olunurdu. Bu tədbirlər Aİ-nin maliyyələşdirdiyi QHT-lər tərəfindən həyata keçirilirdi, sanki siyasi partiyaların deyil, məhz xaricdən yönləndirilən maraqların kampaniyası idi”, – deyə Papuaşvili vurğulayıb.