Ukraynanın dövlət başçısı Volodimir Zelenski Prezident Ofisinin müşaviri Oleksiy Arestoviçin istefasını qəbul edib.
“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə V.Zelenskinin mətbuat xidmətindən bildirilib.
Yanvarın 15-də axşam O.Arestoviç “Feigin Live” yutub kanalının efirində Dneprdə yaşayış binasının bir hissəsini dağıdan raketin Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğunu və nəticədə çoxmərtəbəli binanın üzərinə düşərək partladığını bildirmişdi.
Rusiya onun bu səhv açıqlamasından Ukraynaya qarşı istifadə edib. Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov da Dneprdəki vəziyyəti şərh edərkən O.Aretoviçin sözlərindən sitat gətirib.
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı O.Arestoviçin sözlərini tez bir zamanda təkzib edərək bildirib ki, Rusiyanın atdığı “X-22” raketlərini vurmaq üçün Ukrayna hərbçilərinin vasitələri yoxdur.
Ukrayna Prezident Ofisi başçısının müşaviri Oleksiy Arestoviç istefa verib.
“Report” UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə feysbuk səhifəsində məlumat yayıb.
O, bununla bağlı Ukrayna Prezident Ofisinin başçısı Andrey Yermaka ərizə ilə müraciət edib.
Qeyd edək ki, Ukraynanın Dnepr şəhəri yanvarın 15-də Rusiya tərəfindən raket hücumuna məruz qalıb. Bu hücum nəticəsində 40-dan çox şəhər sakini ölüb. Onun həmin hadisə ilə bağlı məlumatın yayılmasında ölkənin təhlükəsizliyinə ziyan vuracaq şərh verdiyi iddia olunur. Ukrayna Ali Radasının deputatları Oleksiy Arestoviçin istefası ilə bağlı imzatoplama kampaniyasına başlamışdı.
O.Arestoviç 1975-ci il avqustun 3-də Gürcüstanın Tsiteli-Tsikaro bölgəsində anadan olub. 2020-ci il dekabrın 20-dən Ukrayna Prezident Ofisi başçısının müşaviri vəzifəsində işləyir.