“Biz düşünürük ki, müharibə davam etdikcə Ukrayna şəhərləri bombalanacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hər iki liderlə (Ukrayna və Rusiya – Red) telefon əlaqəsi saxlayır, yeganə məqsədi müharibəni dayandırmaq və onları görüşdürməkdir. Səylərimizi səmimiyyətlə davam etdiririk. Prezidentimiz də lazım olanda onlarla əlaqə saxlayır”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Latın Amerikası ölkələrinə turnesindən sonra bildirib.
“Onların atəşkəslə bağlı danışıqlar apardıqları mətnə nəzər salsaq, gah irəliləyiş, gah da geriləmə görürük. Ona görə də orada çox da ümidli ola bilmərik. Amma biz arxa qapı diplomatiyasına baxanda ümidlənirik. Hamı görür ki, müharibənin bitməsini istəməyənlər var. İndi həmin ölkələr demək olar ki, gizlənmirlər”- deyə, Türkiyə XİN rəhbəri bildirib.