Mövlud Çavuşoğlu: "Azərbaycan qazının Macarıstana nəqlini təmin edəcəyik"

Mövlud Çavuşoğlu: "Azərbaycan qazının Macarıstana nəqlini təmin edəcəyik" "Azərbaycanın təbii qazının Macarıstana nəqlini təmin edəcəyik".
Energetika
31 Yanvar , 2023 14:22
Mövlud Çavuşoğlu: Azərbaycan qazının Macarıstana nəqlini təmin edəcəyik
Mövlud Çavuşoğlu

"Azərbaycanın təbii qazının Macarıstana nəqlini təmin edəcəyik".

“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu macarıstanlı həmkarı Peter Siyarto ilə birlikdə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə Macarıstan arasında əlaqələr strateji müttəfiqlik səviyyəsinə yüksəlir: "Müvafiq sənəd üzərində işlər gedir. Müttəfiqliyimiz xüsusilə iqtisadi və təhlükəsizlik sahələrini əhatə edir”.

M.Çavuşoğlu bildirib ki, Türkiyə Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlıq edir: "Azərbaycan qazının Macarıstan və digər ölkələrə nəqlini təmin edəcəyik. Bu istiqamətdə Azərbaycanla da təmaslar davam edir".

Qeyd edək ki, Türkiyəyə, oradan isə Avropaya Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Hazırda Azərbaycan qazı Türkiyə-Yunanıstan sərhədində TANAP-a birləşdirilən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara çatdırılır. Avropa ölkələrinə qazın tədarükü 2020-ci il dekabrın 31-dən başlanılıb. “Mavi yanacağ”ın Bolqarıstana nəqli Yunanıstan-Bolqarıstan İnterkonnektoru vasitəsilə həyata keçirilir. Bu boru kəməri 2022-ci ilin oktyabrın 1-dən kommersiya istismarına verilib. 

Trans-Adriatik Boru Kəməri istismara verildiyi gündən - 2020-ci il dekabrın 31-dən bu yana boru kəməri vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da təxminən 16 milyard kubmetri İtaliyaya olub. 2022-ci ildə İtaliyaya 3 milyard kubmetr çox qaz nəql olunub. Beləliklə, Azərbaycan İtaliyanın təbii qaza olan tələbatının 14 %-dən çoxunu ödəyir.

Avropa Komissiyası 2022-ci ilin iyul ayında Azərbaycanla təbii qazın idxalını 2027-ci ilə qədər ildə ən azı 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalayıb. Əlavə təbii qaz Azərbaycanın bir neçə yatağından gələcək.

Son xəbərlər

Orphus sistemi