Moskvada Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Moskvada Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib Azərbaycanın Moskvadakı səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Region
27 Sentyabr , 2022 22:22
Moskvada Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib

Azərbaycanın Rusiyadakı Səfirliyində Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla yad edilib.

“Report”un Rusiya bürosu xəbər verir ki, anım mərasimində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd edib ki, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsini ehtiramla yad etmək vacibdir:

“Əminəm ki, Azərbaycan xalqı öz qəhrəmanlarının xatirəsini əbədi olaraq qoruyacaq”.

“Bu 44 günün Azərbaycan xalqının və onun dövlətçilik tarixində xüsusi əhəmiyyəti var. Hamınız bilirsiniz ki, 28 il ərzində Ermənistan Azərbaycan ərazilərinin 20%-dən çoxunu işğal altında saxlamışdı. Bütün bu illər ərzində bu vəziyyəti ağrılı-acılı şəkildə yaşamalı olurduq. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın ən yüksək tribunalarından dəfələrlə bildirmişdi ki, Azərbaycan xalqı Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyir. Ali Baş Komandan İlham Əliyevin iradəsi və Azərbaycan ordusunun qüdrəti sayəsində torpaqlarımızı azad etdik. Bu gün Qarabağ azaddır, biz azadıq və öz doğma Şuşamıza sərbəst gedə bilirik”, - səfir deyib.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Ceyhun Hüseynov gənclər adından çıxış edib: “44 günlük müharibə Azərbaycanda hər kəsin şüurunda dərin iz buraxıb. Müharibə dövründə bütün dünya azərbaycanlıları vahid məqsədə çatmaq naminə Ali Baş Komandanın və rəşadətli Azərbaycan ordusunun ətrafında birləşdilər”.

Sonda azərbaycanlı tələbələr Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) fəxri sədri Leyla Əliyevanın Qarabağın azadlığına həsr olunmuş şeirlərini oxuyublar.

Son xəbərlər

Orphus sistemi