Moskvaya yağan güclü leysan yağışı bir sıra küçələri və bir metro stansiyasını su basması ilə nəticələnib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidmətindəki mənbə bildirib.
“Bu ana qədər leysan yağışı səbəbiylə Moskvanın şərqindəki bir neçə küçənin su altında qaldığı məlumdur. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti çətinləşib. Kalujsko-Rijhskaya xəttinin “Yasenevo” metro stansiyasını da su basıb, “Tyoplıy stan” stansiyasından “Novoyasenevo”ya qədər qatarlar hərəkət etmir”, - agentliyin həmsöhbəti deyib.
Eyni zamanda, güclü külək isə bir neçə ağacı, reklam lövhələrini aşırıb, mağazaların vitrinlərinə zərər dəyib. Yay verandalarına gələn qonaqlardan oradan ayrılmaları istənilib. “Şyolkovoda ticarət mərkəzinin damının bir hissəsini külək aparıb. Xəsarət alan yoxdur”, - mənbə bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskvadakı Baş İdarəsi günün sonunadək şiddətli leysan yağışları yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi və çox güclü külək əsəcəyi barədə təcili xəbərdarlıq etmişdi.