Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhər üzrə Baş İdarəsinin Cənub-Şərqi İnzibati Dairəsi üzrə Daxili İşlər İdarəsində ölkə paytaxtının hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
“Report”un Rusiya bürosunun məlumatına görə, tədbirdə Cənub-şərq inzibati dairəsi üzrə Daxili İşlər idarəsini rəisi, general-mayor Sergey Karpov çıxış edib.
O, çıxışında qeyd edib ki, ermənilərin azərbaycanlılara məxsus "1001 gecə" restoranına hücumu ilə bağlı cinayət işi qaldırılıb. Hücumun iştirakçıları və bu təxribatın təşkilatçıları saxlanılıb, onlara qarşı cinayət işi qaldırılıb.
General-mayor vurğulayıb ki, bütün güc strukturlarına belə provokasiyaların qarşısını sərt şəkildə almaq barədə əmr verilib. Və əgər belə hücumlar davam etsə, onda bu, hadisələrdə iştirak edən edən xarici vətəndaşların ölkədən deportasiya edilməsinə gətirib çıxara bilər.
"Tədbirin məqsədi millətlərarası münaqişəyə yol verməmək, onun artmasının qarşısını almaq, heç bir tərəfi, başqasını incitməməkdir. Tədbirdə idarə rəisləri, hakimiyyətin tələbini cəmiyyətə çatdıra bilən hörmətli biznesmenlər iştirak ediblər", - Sergey Karpov “Report”un Rusiya bürosuna deyib.