Moldova parlamenti Baş nazir Natali Qavrilisanın başçılıq etdiyi hökumətin tərkibi və proqramını təsdiqləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, prezident Mayya Sandunun Faəliyyət və Həmrəylik Partiyası kabineti dəstəkləyib.
Bildirilib ki, 61 deputat kabinetin və proqramın lehinə səs verib. 32 deputatdan ibarət kommunistlər və sosialistlər bloku müxalifətə keçdiklərini elan edərək hökumətin lehinə səs verməyiblər. “Şor” Partiyası da 6 deputatı ilə yeni kabineti dəstəkləməkdən imtina edib.
Yeni baş nazir Natali Qavrilisa 1977-ci il sentyabrın 21-də Moldovanın Dnestryanı (Pridnesroviye) bölgəsinin Malaeştı kəndində anadan olub. 2000-ci ildə Moldova Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 2005-ci ildə ABŞ-ın Harvard Universiteti yanında Con F.Kennedi adına Dövlət İdarəetmə Məktəbində dövlət siyasəti magistr dərəcəsini alıb. Müxtəlif vəzifələrdə çalışıb. 2015-2019-cu illərdə Londonda Qlobal İnnovasiya Fondunun Baş direktoru işləyib.