Gürcüstan Prezidenti Mixail Kavelaşvili “Səfirlər Konfransı 2024” çərçivəsində avrointeqrasiya və qərbyönümlü siyasət məsələləri ilə bağlı açıqlamalar verib.
"Report"un Gürcüstan bürosunun məlumatına görə, Prezident vurğulayıb ki, Gürcüstanın konstitusiya ilə təsbit edilmiş qərbyönümlü siyasəti son dövrlərdə daxili və xarici spekulyasiyalara məruz qalıb.
"Bu cür manipulyasiyalar cəmiyyətin qütbləşməsinə səbəb olur və ölkənin maraqlarına ziyan vurur. Avrointeqrasiya kursunu spekulyasiyalara qarşı müdafiə etmək borcumuzdur. Hazırkı dezinformasiya kampaniyalarına baxmayaraq, Gürcüstan avrointeqrasiya yolunda möhkəm irəliləyir. 2028-ci ilə qədər Assosiasiya Sazişinin 90%-dən çoxunu həyata keçirəcəyik və 2030-cu ilə qədər Avropa İttifaqına üzvlüyə tam hazır olacağıq”, - Prezident qeyd edib.
O, həmçinin ABŞ ilə strateji tərəfdaşlığın gücləndirilməsinin və qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Ermənistan və Türkiyə ilə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıb.
Bundan başqa, Gürcüstanın regionda sülh və sabitlik üçün səylərini artıracağı bildirilib.
“Bizim vəzifəmiz, xalqımız üçün təhlükəsizlik, iqtisadi rifah və Avropa strukturlarına inteqrasiyanın uğurla həyata keçirilməsini təmin etməkdir,” - deyə Prezident çıxışını yekunlaşdırıb.