Ermənistanın xarici işləri naziri Ararat Mirzoyan ölkəsinin Azərbaycanla sülh müqaviləsinin bağlanması prosesində iştirak etdiyini və Türkiyə ilə münasibətlərin tam nizamlanmasına səy göstərdiyini bildirib.
“Report” xəbər verir ki, bu barədə o, ABŞ-nin Nyu-York şəhərində keçirilən Davamlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində çıxışı zamanı deyib.
“Ermənistan Azərbaycanla 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması, dövlət sərhədinin delimitasiyası prinsipinə əsaslanan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında müqavilənin bağlanması prosesində səmimiyyətlə iştirak edir”, - o vurğulayıb.
A.Mirzoyan qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin tam nizamlanmasına, diplomatik münasibətlərin qurulmasına, sərhədlərin açılmasına da daim səy göstərir:
“Bu proses uğurla yekunlaşarsa, şübhəsiz ki, regiona müsbət təsir göstərəcək”.