Marneulidə “Novella” filminin təqdimatı olub

Marneulidə “Novella” filminin təqdimatı olub Gürcüstanın Marneuli şəhərində “Novella” flminin təqdimatı keçirilib.
Region
28 fevral 2025 16:42
Marneulidə “Novella” filminin təqdimatı olub

Gürcüstanın Marneuli şəhərində “Novella” filminin təqdimatı keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Tbilisidəki səfirliyinin dəstəyi ilə “Novella” bədii-sənədli filminin təqdimatı olub.

“Aktual Media” və “Georgian Wings” tərəfindən təqdim edilən filmin ideya müəllifi və baş prodüseri İlkin Hüseynov, ssenari müəllifi Elnur Vəlizadə, baş operatoru isə Xaqani Qocayevdir. Layihənin reallaşmasında Nizami Qocayev, Natela Əlləzova, Salo Salahlı, Nahid Qurbanov, Ceyhun Məhəmmədəli, Tengiz Txilava və İsmayıl Yaşaroğlu iştirak ediblər. Filmdə həmçinin Edda Qocayeva, Mamed Muradov, Emilya Hüseynova, Şaban Məmmədov, Linda Mustafayeva və Samirə İsmayılova yer alıb.

“Novella” filmi Gürcüstanda yaşayan azərbaycanlılarla bağlı stereotipləri aradan qaldırmaq və onların cəmiyyətə inteqrasiyasını nümayiş etdirmək məqsədi daşıyır. Film azərbaycanlı gənclərin əzmkarlığı, müxtəlif sahələrdə qazandıqları uğurlar və Gürcüstanın inkişafına verdikləri töhfələrdən bəhs edir.

Sənədli film fərqli peşə sahiblərinin qarşılaşdığı çətinlikləri, onların cəmiyyətə uyğunlaşmasını və uğurlarını vizual olaraq əks etdirir. Təqdimat zamanı vurğulanıb ki, bu cür layihələr azərbaycanlı gənclərin peşəkar inkişafına və Gürcüstan cəmiyyətinə daha sıx inteqrasiyasına mühüm töhfə verir.

Levan İoseliani: Azərbaycanlı gənclər cəmiyyətin ayrılmaz hissəsidir

Film Gürcüstanın xalq müdafiəçisi Levan İoselianinin müsahibəsi ilə başlayır. O, öz çıxışında azərbaycanlıların Gürcüstanın sosial-iqtisadi inkişafında iştirakını yüksək qiymətləndirib:

“Azərbaycanlı gənclərin gürcü dilini öyrənməsi nəticəsində onlar Gürcüstan cəmiyyətində müxtəlif sahələrdə özlərinə iş tapa bilirlər. Artıq ikili təhsil proqramı başlayıb və bu, gələcəkdə daha yaxşı nəticələr verəcək. Azərbaycanlılar təkcə kənd təsərrüfatında deyil, həm də iqtisadiyyat, təhsil, səhiyyə və texnologiya kimi sahələrdə də fəal iştirak edirlər. Bu, onların cəmiyyətdəki rolunu daha da möhkəmləndirir və müxtəlif sahələrdə uğurlu layihələrin reallaşmasına töhfə verir”.

O, kənd təsərrüfatının insan fəaliyyəti üçün əhəmiyyətini vurğulayaraq qeyd edib ki, bu sahədə çalışan hər kəsə dəstək göstərilməlidir. L.İoseliani Azərbaycanlıların kənd təsərrüfatında aktiv iştirakını alqışlayıb və vurğulayıb ki, bu sahədə etnik mənsubiyyətdən asılı olmayaraq hər kəs bərabər imkanlara sahib olmalıdır.

“Novella” filmi Gürcüstanda yaşayan azərbaycanlıların real həyatını, onların cəmiyyətə inteqrasiyasını və qazandıqları uğurları əks etdirən mühüm bir sənədli layihədir. Təqdimat iştirakçıları qeyd ediblər ki, bu cür filmlər iki xalq arasında dostluq və qarşılıqlı anlaşmanı daha da gücləndirir.

Orphus sistemi