Maka Boçorişvili: Gürcüstana qarşı ədalətsiz yanaşma və ikili standartlar narahatlıq doğurur, tərəfdaşlara olan etimada zərbə vurur

Region
  • 14 may, 2025
  • 13:40
Maka Boçorişvili: Gürcüstana qarşı ədalətsiz yanaşma və ikili standartlar narahatlıq doğurur, tərəfdaşlara olan etimada zərbə vurur
Maka Boçorişvili

Gürcüstana qarşı bəzi beynəlxalq tərəfdaşların ədalətsiz münasibəti və ikili standartlar narahatlıq doğurur və bu, qarşılıqlı etimada ciddi zərər vurur.

“Report”un Gürcüstan bürosunun məlumatına görə, bunu ölkənin xarici işlər naziri Maka Boçorişvili Avropa Şurası Nazirlər Komitəsinin iclasında çıxış edərkən deyib.

O bildirib ki, son onillikdə Gürcüstan Avropa inteqrasiyası istiqamətində mühüm islahatlar həyata keçirib:

“Biz hüququn aliliyini möhkəmləndirmişik, insan hüquqlarının müdafiəsi sahəsində yüksək standartlar yaratmışıq, korrupsiyaya qarşı effektiv mexanizmlər formalaşdırmışıq”.

Nazirin sözlərinə görə, bu irəliləyişlər beynəlxalq reytinqlərdə əks olunur və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında da təsdiqini tapır.

M.Boçorişvili əlavə edib ki, Gürcüstan beynəlxalq institutlardan qarşılıqlı hörmətə əsaslanan konstruktiv əməkdaşlıq gözləyir və onların siyasi alətə çevrilməsinin qarşısı alınmalıdır.

“Demokratik yolla seçilmiş hökumətlərə hörmət olunmalı və demokratik institutlardan kənarda siyasi proseslərin təşviqi yolverilməzdir”, – deyən Boçorişvili vurğulayıb ki, demokratiya anlayışına sadiqlik hər bir beynəlxalq təşkilat üçün əsas dəyər olmalıdır.