Litvalı deputatın bəyanatı Gürcüstan hakimiyyətini hiddətləndirib

Litvalı deputatın bəyanatı Gürcüstan hakimiyyətini hiddətləndirib O, müxalifət liderini kriminal adlandırıb
Region
22 Fevral , 2021 15:27
Litvalı deputatın bəyanatı Gürcüstan hakimiyyətini hiddətləndirib
Jiqimantas Pavilionis

Litva Seyminin Xarici əlaqələr üzrə Komitəsinin sədri Jiqimantas Pavilionisin bəyanatı Gürcüstanın hakim komandasında ciddi narazılıq yaradıb.

“Report”un yerli bürosu xəbər verir ki, Tbilisidə səfərdə olan deputat müxalifət lideri Nika Meliyanın həbs olunacağı təqdirdə Gürcüstana qarşı sanksiyaların tətbiq olunacağını istisna etməyib.

J.Pavilionis Gürcüstan hökumətinin müxalifətlə dialoqa razı olacağına ümid etdiyini bildirib: “Müxalifət liderinin həbsi demokratiyaya aparan yol deyil. Nika Meliya həbs edilsə, reaksiya olacaq. Biz bütün məlumatları toplayacağıq və günahkarlar cavab verməli olacaqlar”.

Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Qaribaşvili parlamentdə çıxışı zamanı litvalı deputatın sözlərinə sərt reaksiya verib. O, Litva Seyminin nümayəndəsinin bəyanatını tamamilə qəbuledilməz adlandırıb: “Mən həmin şəxsi və onun dostlarını yolverilməz bəyanatlara mümkün qədər tez son qoymağa çağırıram. Biz qonaqpərvər ölkəyik, lakin bu cür qonaqların təhqirləri qəbuledilməzdir və onların dedikləri komandamız üçün heç bir məna kəsb etmir”.

İ.Qaribaşvili çıxışında N.Meliyanın həbsi məsələsinə də toxunaraq deyib ki, qərar mütləq yerinə yetirilməlidir. O, müxalifət liderini kriminal adlandırıb.

Son xəbərlər

Orphus sistemi