Leyla Əliyevanın təşəbbüsü ilə martın 26-da Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları Moskvadakı “Naş dom” dövlət büdcə müəssisəsini ziyarət ediblər.
“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, xeyriyyə aksiyasının təşkilatçıları valideyn himayəsindən məhrum uşaqları hədiyyələrlə sevindiriblər. Onlara kitablar, oyuncaqlar və şirniyyatlar hədiyyə edilib.
Uşaq evinin direktoru Vadim Menşov uzun illər davam edən dostluq və yardım üçün Heydər Əliyev Fonduna və şəxsən onun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürünü bildirib: “Mən və uşaqlar Azərbaycan xalqını dərindən qiymətləndirir, hörmət edir və sevirik. Leyla Əliyevaya uşaqlarımızın qayğısına qaldığına görə çox minnətdarıq. Pandemiyaya qədər tez-tez uşaq evimizə baş çəkərdi. Onun gəlişi həmişə uşaqlar üçün bayram olurdu”.
O, sərhədlərin ən qısa zamanda açılacağına və yenidən Azərbaycana gəlmək fürsətinin olacağına ümid etdiyini söyləyib: “Biz dəfələrlə Azərbaycanda olmuşuq. Bu gün bir nömrəli Bakı Uşaq Evinin uşaqları ilə, oradakı həmkarlarımızla çox gözəl əlaqələr qurmuşuq. Hamımız bir ailə olmuşuq. İndi hər gün təmasdayıq, yenidən görüşməyi xəyal edirik”.
Fondun nümayəndəliyindən qeyd edildiyi kimi, epidemioloji vəziyyətdən əvvəl Moskva və Bakı uşaq evləri bir-birlərini qonaq gedərək səfər mübadilələri ediblər.