Qazaxıstanda baş verən hadisələr respublikanın təhlükəsizliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır.
“Report” xəbər verir ki, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas “RİA Novosti”yə bildirib.
"Hazırda orada baş verən hadisələr ölkənin təhlükəsizliyinə, sabitliyinə, hətta ərazi bütövlüyünə real təhlükə yaradır. Ona görə də belə müraciət daxil olub, dövlət başçıları arasında təxirəsalınmaz məsləhətləşmələr aparılıb və bundan istifadə etmək üçün müvafiq qərar qəbul edilib. KTMT-nin sülhməramlı potensialı bu təhdidləri minimuma endirmək, lokallaşdırmaq üçündür", - Zas deyib.
Təşkilatın baş katibi qeyd edib ki, KTMT-nin Qazaxıstandakı kollektiv sülhməramlı qüvvələrinin sayı təxminən 2,5 min nəfər olacaq, lazım gələrsə, gücləndirilə bilər.
"Kollektiv sülhməramlı qüvvələrin qruplaşmasının ümumi sayı fərqli ola bilər. Hazırda qəbul edilmiş qərarlara əsasən, 2 500-ə yaxın insan var", - Zas bildirib.
Eyni zamanda o qeyd edib ki, sülhməramlılar vəziyyətə uyğun çıxış edəcəklər.