Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ümid edir ki, İrəvan təşkilatla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək.
“Report” xəbər verir ki, bunu KTMT Parlament Assambleyası Şurasının iclasında təşkilatın Baş katibi İmanqali Tasmaqambetov deyib.
“Ümid edirik ki, Ermənistan siyasi rəhbərliyi KTMT ilə münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək. Bu, ilk növbədə gələcək birgə fəaliyyətlərin tam planlaşdırılması üçün assosiasiyamızın bütün iştirakçılarının xeyrinə olardı”, - o bildirib.
Baş katib qeyd edib ki, son bir ildə erməni həmkarlar təşkilatın tədbirlərində iştiraklarını xeyli azaldıblar: “Buna baxmayaraq, qarşılıqlı əlaqənin əsas mexanizmləri işləyir. Ermənistan təşkilatın tamhüquqlu üzvü olaraq qalır, bu ölkə qarşısında bütün öhdəlikləri hələ də qalır”.