Marqvelaşvili Saakaşvilinin partiyasına sədrliyi barədə: “100 faiz yalandır”

Marqvelaşvili Saakaşvilinin partiyasına sədrliyi barədə: “100 faiz yalandır” Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) müxalif Vahid Mili Hərəkat Partiyasının (VMHP) sədri olacaq.
Region
26 Aprel , 2022 15:48
Marqvelaşvili Saakaşvilinin partiyasına sədrliyi barədə: “100 faiz yalandır”
Giorgi Marqvelaşvili

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili Mixeil Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) sədri olacağı barədə yayılan informasiyaları təkzib edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə “Formula” telekanalına müsahibəsində bildirib.

“Bu, tamamilə, 100 faiz yalandır. Nə təklif, nə müzakirə, nə hazırlıq, nə də buna bənzər nəsə olub” – G.Marqvelaşvili deyib.

Onun sözlərinə görə, Ukraynaya səfərdən öncə M.Saakaşvili ilə yazışması olub:

“Biz Ukraynaya bir yerdə getməyi planlaşdırmışdıq. Görünən odur ki, onların bu cür uydurma qalmaqalları var və digər hadisələrin üstünü örtmək üçün onlardan istifadə edirlər”.

Qeyd edək ki, bu gün yerli mətbuatın yaydığı məlumata əsasən G.Marqvelaşvili VMHP-nin sədri olacaq. Partiya da yayılan məlumatı təkzib edib.

13:23

Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia eks-prezident Giorgi Marqvelaşvilinin partiyanın sədri olacağı barədə yayılan məlumatları təkzib edib.

“Report”un yerli bürosu xəbər verir ki, o, bu barədə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən ortaya atılıb: “Bu ssenari xüsusi xidmət orqanları tərəfindən yazılıb. Əgər Giorgi Marqvelaşvili partiyanın sədri olacaqsa, mən avtomatik olaraq dördüncü prezident olacağam”.

Hakim Gürcü Arzusu Partiyasının sədri İrakli Kobakidze də G.Marqvelaşvilinin VMHP-nin sədri olacağı barədə yayılan məlumatlara münasibət bildirib. O deyib ki, IV prezident və VMHP bir-birinə çox yaxındır, onların mənəvi dəyərləri harmoniya təşkil edir. “O, bu günə qədər partiyanın sıravi üzvü olub. Əgər sıravi üzvlükdən sədrliyə keçirsənsə, ciddi irəliləyişdir”.

11:23

Gürcüstanın keçmiş prezidenti Giorgi Marqvelaşvili (2013-2018) müxalif Vahid Mili Hərəkat Partiyasının (VMHP) sədri olacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Bildirilib ki, G.Marqvelaşvili partiyanın lideri Mixeil Saakaşvilidən bununla bağlı təklif alıb və VMHP artıq müvafiq qərar qəbul edib.

Eks-prezident yayılan informasiyaları nə təkzib, nə də təsdiq edib.

Qeyd edək ki, M.Saakaşvilinin 2001-ci ildə təsis etdiyi VMHP Gürcüstanın əsas müxalifət partiyası hesab olunur. Partiyanın 2017-2020-ci illərdə sədri keçmiş xarici işlər naziri Qriqol Vaşadze (2008-2012) olub. Siyasi təşkilata 2020-ci ilin dekabrından Nika Melia sədrlik edir.

Son xəbərlər

Orphus sistemi