Rusiya İstintaq Komitəsi Moskvanın Ryazan prospektində baş verən və Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi İqor Kirillov və onun köməkçisinin ölümü ilə nəticələnən partlayışla bağlı cinayət işi açıb.
“Report” xəbər verir ki, bu barədə Rusiya KİV-i Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən məlumat yayıb.
Rusiya İstintaq Komitəsindən bildirilib ki, binanın yanında yerləşən skuterə qoyulmuş partlayıcı qurğu işə salınıb.
Yaxın vaxtlarda müvafiq ekspertiza işləri aparılacaq. İstintaq orqanları və kriminalistlər əməliyyat xidmətlərinin əməkdaşları ilə birlikdə partlayış yerinə baxış keçirirlər. Həmçinin cinayəti törədənlərin axtarışı aparılır.
KİV-in məlumatına görə, partlayış üçün təxminən 200 qram trotildən istifadə edilib.
Moskvanın Ryazanski prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində partlayış baş verib, iki nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə TASS-a operativ xidmətlər məlumat verib.
"İlkin məlumata görə, partlayış Ryazan prospektində yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib. İki nəfər ölüb", - agentliyin həmsöhbəti vurğulayıb.
Onun sözlərinə görə, evdə qazlaşdırılma aparılmayıb. Partlayış nəticəsində binanın birinci mərtəbəsindən dördüncü mərtəbəsinə qədər pəncərə şüşələri sınıb.
Daha sonra Rusiyanın İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.
"Moskvada Ryazan prospektində baş vermiş və iki kişinin ölümü ilə nəticələnmiş hadisə ilə əlaqədar Moskva üzrə Baş İstintaq İdarəsinin istintaq orqanları tərəfindən cinayət işi açılıb", - qurumdan bildirilib.