Rusiyanın "Tu-154" təyyarəsinin qəzaya uğramasının səbəbləri müəyyənləşib

Rusiyanın "Tu-154" təyyarəsinin qəzaya uğramasının səbəbləri müəyyənləşib Ekspertlər qəzada məhz insan amilinin başlıca səbəb olduğunu düşünürlər
Region
10 Yanvar , 2017 13:35
Rusiyanın Tu-154 təyyarəsinin qəzaya uğramasının səbəbləri müəyyənləşib

Bakı. 10 yanvar. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyinin ekspertləri Qara dəniz üzərində qəzaya uğramış "Tu-154" təyyarəsinin qara qutularını oxuduqdan sonra aviaqəzanın səbəblərini söyləyə bilib. Onların fikrincə, faciəyə bir neçə amilin cəmi səbəb olub: uçuş zamanı şassi ilə qanad arxalığı idarəetmə dəstəyini qarışdıran ikinci pilotun səhvi və təyyarənin həddindən artıq yüklənməsi.

"Report" xəbər verir ki, bu barədə "Layf.ru" portalı yazıb.

İstintaqın gedişatı ilə tanış olan mənbənin dediklərinə görə, ekspertlər qəzada məhz insan amilinin başlıca səbəb olduğunu düşünürlər. Mənbə uçuşun 3-cü dəqiqəsində, layner dəniz səviyyəsindən 450 metr yüksəklikdə olarkən sabitlik sistemi sensorlarının işə düşdüyünü bildirib: "33 yaşlı kapitan Aleksandr Rovenski şassi idarəetmə dəstəyinin əvəzinə qanad arxalığı idarəetmə dəstəyini bağladığından təyyarə qəfildən yüksəkliyi itirməyə başlayıb. Ekipaj layneri yenidən yerə qaytarmağa çalışsa da, bunu bacarmayıb".

Bununla yanaşı, Rusiya KİV-in məlumatına görə, Rusiya Müdafiə Nazirliyi yazılanları təkzib edərək, istintaqın hələ davam etdiyini açıqlayıb.

Xatırladaq ki, dekabrın 25-də səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının (Birinci, NTV və "Zvezda") 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. 

Son xəbərlər

Orphus sistemi