İstanbulda zəlzələ nəticəsində 151 nəfər xəsarət alıb.
“Report” xəbər verir ki, bu barədə hakimiyyət orqanları məlumat yayıb.
Bildirilib ki, onlara lazımi tibbi yardım göstərilir.
"Təşviş nəticəsində hündürlükdən tullanaraq xəsarət alan 151 vətəndaşın müalicəsi davam edir. Onların həyatı üçün heç bir təhlükə yoxdur. İnsan tələfatı və dağıntı qeydə alınmayıb. Fatih bölgəsində tərk edilmiş bina çöküb", - məlumatda bildirilib.
Türkiyə parlamentinin spikeri Numan Kurtulmuş bildirib ki, ölkədə fəaliyyət göstərən qurumlar və vətəndaşlar yeni zəlzələyə hazır olmalıdırlar.
"İstanbulda gözlənilən zəlzələ hər an baş verə bilər. Ölkəmiz, bütün qurumlarımız və təşkilatlarımız hazır olmalıdır. Biz İstanbulda mümkün zəlzələdən ən az itkilərlə çıxmalıyıq", - o qeyd edib.
Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən verilən məlumata görə, saat 12:13-də baş verən 3,9 maqnitudalı zəlzələdən sonra üç saat ərzində daha 46 təkan baş verib. 1,6 maqnitudalı ən zəif təkan İstanbulun Silivri və Böyükçəkməcə bölgələrində, 6,2 maqnitudalı ən güclü təkan isə Silivridə qeydə alınıb.