İstanbulda "Türk Dünyası Hekayə Festivalı" keçirilib

Region
  • 03 iyun, 2022
  • 21:53
İstanbulda Türk Dünyası Hekayə Festivalı keçirilib

İstanbulda "Türk Dünyası Hekayə Festivalı" öz işinə davam edir.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Zeytinburnu bələdiyyəsi tərəfindən təşkil olunan festival "Hekayəni xatırla" başlığı ilə ədəbiyyatsevərlərlə türkdilli dövlətlərdən olan yazıçı, şair və nasirləri bir araya gətirib.

Hər il ənənəvi qaydada "Beynəlxalq Hekayə Festivalı" adı ilə baş tutan festival bu il türk dünyasına və türkdilli dövlətlərin ədəbiyyat, şeir və nəsr əsərlərinə həsr olunub.

Qeyd edək ki, festivalın aparıcı türkdilli dövləti Azərbaycan seçilib. Builki festivalda isə ölkəmizi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev, yazıçı-publisist Fəxri Uğurlu, yazıçı Cavid Zeynallı, Pərvin Nurəliyeva, Kamran Nəzirli və Təranə Vahid təmsil edib.

Festivalda açılış çıxışı edən yazıçı İmdad Avşar, Azərbaycan və Türkiyə xalqının ədəbiyyat və nəsr əsərlərinin oxşar cəhətlərindən bəhs edərək bunun tarixi və mədəni səbəb-nəticə əlaqəsindən danışıb.

Türkdilli xalqların ədəbiyyatlarında öz əksini tapan ictimai və estetik ideya həmrəyliyi bu birliyi şərtləndirən əsas amil kimi qiymətləndirilib.