İranın silahlı qüvvələrinin üzvü ölkənin nüvə fizikası üzrə alimi, müdafiə nazirinin müavini Möhsün Fəxrizadənin qətlinə cəlb edilib.
“Report” IRIB TV2 telekanalına istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Kəşfiyyat naziri Mahmud Ələvi bildirib.
Onun sözlərinə görə, kəşfiyyat orqanı alimə hazırlanan sui-qəsd haqqında bilib, ancaq bunun harada və nə vaxt baş verəcəyi məlum olmayıb. Nazirlik qətldən 5 gün əvvəl bu barədə müvafiq orqanlara məlumat verib.
"Sui-qəsd üçün ilk hazırlıq hərəkətləri ilə məşğul olan insan silahlı qüvvələrin üzvü idi”, - Ələvi IRIB TV2 telekanalının efirində deyib. O vurğulayıb ki, rəhbərlik etdiyi qurum ölkənin silahlı qüvvələrində kəşfiyyat işləri apara bilmir.
Ələvi qeyd edib ki, onlar sui-qəsdlə əlaqədar alimin üzvü olduğu silahlı qüvvələrə müraciət ediblər. Lakin Möhsün Fəxrizadə kəşfiyyat orqanının və silahlı qüvvələrin birgə fəaliyyətinin koordinasiya edilməsindən də əvvəl öldürülüb.
Daha əvvəl bildirilib ki, İranın nüvə fizikası üzrə ailminin qətlində şübhəli bilinən bir neçə nəfər saxlanılıb. Möhsün Fəxrizadənin qətlində şübhəli bilinən 4 nəfərin fotosu bütün mehmanxanalara paylanılıb. Xüsusi xidmət orqanlarından mehmanxana sahiblərinə bildiriblər ki, həmin şəxsləri oteldə gördükləri halda mehmanxanaya yerləşdirib, onlara məlumat versinlər.