İranın tanınmış din və dövlət xadimi Hüseyn Ənsarian ölkə həbsxanalarında məhbusların mənəvi və fiziki işgəncələrə məruz qalmasına etiraz edib.
“Report” xəbər verir ki, o, bu barədə Qədr gecəsində çıxışı zamanı bildirib.
Məlumata görə, hakimiyyətə yaxın din xadimlərindən olan Hüseyn Ənsarian Qədr gecəsindəki çıxışında gözlənilmədən həbsxanalarında məhbuslara verilən işgəncələrə işarə edərək bu cür davranışları tənqid edib.
O, çıxışında müxaliflərin və ya siyasi məhbusların adlarını çəkmədən İranda onların ruh və cisimlərinə verilən zülmləri tənqid edərək deyib: "Bir cinayətkar həbs olunubsa, yalandan sabah səhər edam olunacağını deməyin! Allahın bəndələrini qorxutmayın!”.
H.Ənsarian İranın təhlükəsizlik qurumlarının əməkdaşlarına da müraciət edib: “Məni həbs edib zindana salsanız, mənə hörmət edin! Tələb olunan həcmdə istədiyim hər şeyi ver! Məni söymə, təhqir etmə, başıma vurma, lazımsız yerə vurma! Bütün bunlar Allah tərəfindən qadağan edilib. Bunlar yasaqlardır”.
H.Ənsarian İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin keçirdiyi tədbirlərdə iştirak və çıxış edən rejimin nüfuzlu ruhanilərindəndir.
Onun bu çıxışı Ramazan ayının Qədr gecələrinin birində İran İslam Respublikasının 3-cü kanalında canlı yayımlanıb.
Qeyd edək ki, H.Ənsari 1944-cü il noyabrın 9-da İsfahan əyalətinin Xonsar şəhərində anadan olub. Atası Məhəmməd Baqir Mədinədə və Xonsarda məşhur, vacib bir ailə olan Hacı Şeyxlər sülaləsindən imiş. Anası Seyid Mostafavi ailəsindən olub.
Hüseyn üç yaşında olanda Tehrana köçərək Xorasan rayonunda məskunlaşıblar. O, 1962-ci ildə Qumdakı dini mərkəzdə təhsil alıb.