İranda daxili bazarda etil spirti çatışmazlığı yaranıb
- 09 dekabr, 2022
- 07:22
İranda qeyri-dərman istehsalı müəssisələri, hətta əczaçılıq şirkətləri uyğun lisenziya almadan etil spirtinin istehsalı ilə məşğul olsa da, daxili bazarda bu məhsul çatışmazlığı hiss olunur.
“Report” xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyinin yaydığı məqalədə bildirilib.
Məlumata görə, pandemiya dövründə dezinfeksiyaedici maddə kimi etil spirtinin istehsalı ilə 40 müəssisə məşğul olub. Bu da daxili tələbatı ödəyib. Onda uyğun qurumlar lisenziyasız etil spirti isehsalına şərait yaradıblar. Ancaq pandemiya dövrü geridə qalsa da, etil spirtinə tələbat ötən illə müqayisədə artıb.
Vurğulanıb ki, ölkənin etil spirti bazarında qanun pozuntuları alkoqollu içkilərin istehsalı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub. Bundan başqa, hətta spirtli içki istehsalı məqsədilə lisenziyalı istehsalat bölməsinin fəaliyyətinin qadağan ounması ilə bağlı xəbərlər də yayılır. Qeyd olunub ki, indiyədək bu sahənin fəaliyyətini tənzimləyən heç bir rəsmi orqan yoxdur.
Bu il 150 milyon litr etil spirti istehsal olunub. Nazirlər Kabinetinin 2018-ci ildə alkoqol istehsalı üçün heç bir lisenziya tələb olunmadığına dair göstərişi olub. Ancaq 2019-cu ildə Ərzaq və Dərman Təşkilatının rəhbərliyi etanol istehsalı, qablaşdırma və paylama fabriklərinin yaradılması ilə bağlı qaydaları elan edib. Ancaq praktikada adıçəkilən təşkilat belə elan etdiyi qaydalara əməl etmədi.
İranda tibbi spirt istehsalı üçün xüsusilə hüquqi şəxs formasında sorğu məktubu, Baş İdarədən fabrikin təsis olunmasına dair lisenziyanın təsvirinin verilməsi, Ərzaq və Dərman Təşkilatının ekspert səfərinin təsdiqi, texniki işçinin lisenziyasının şəklinin təqdim edilməsi, Ərzaq və Dərman Təşkilatının maliyyə işləri üzrə möhürü olan əmanət qəbzinin şəkli, məhsulun istehsal təklifinin, o cümlədən şirkətin avadanlıqlarının siyahısının, xammaldan məhsulun çıxarılmasına qədər istehsal prosesinin xülasəsinin təqdim edilməsi kimi sənədlər zəruridir.
Digər tərəfdən isə “Tibb və əczaçılıq işlərinin, yeyinti və içki maddələrinin istehsalının tənzimlənməsi haqqında” qanuna əsasən, bu yöndə fəaliyyət göstərən müəssisəyə lisenziyasının verilməsi Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilməlidir.
Məqalədə o da vurğulanıb ki, istehsal olunan etil spirtinin bir hissəsi qeydə alınmır.
Xatırladaq ki, İranda ermənilər istisna olunmaqla müsəlman əhaliyə spirtli içki içmək qadağan olunub. Alkoqollu qəbul etmiş vətəndaşlara 70-100 arası şallaq, yaxud həbs cəzası verilir. Tibbi spirt bazarında qarmaqarışıqlığı vətəndaşların onu içməsi ilə əlaqələndirirlər.