İranda amerikalı iş adamı İmad Şərqi həbs olunub
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, ikili vətəndaş olan 56 yaşlı İ.Şərqi “qanunsuz olaraq ölkə ərazisini qərb sərhədindən tərk etməyə cəhd”ə görə yanvarın 14-də saxlanılıb.
NBC ailə dostuna istinadən xəbər verir ki, İranda doğulan və ABŞ-da ali təhsil alan İ.Şərqi 2016-cı ildə vətənə qayıdaraq İT sahəsində çalışıb, 2018-ci ilin aprel ayında isə casusluq və hərbi sirləri faş etmək ittihamı ilə həbs edilərək dekabr ayınadək “Evin” həbsxanasında saxlanılıb, daha sonra da girov müqabilində azad edilib. 2019-cu ilin 30 noyabr tarixində ittihamlardan bəraət verilən iş adamının həm ABŞ, həm də İran pasportları rəsmi qurumlar tərəfindən müsadirə olunub.
Nəhayət, ötən ilin 30 noyabr tarixində o, Tehran məhkəməsinə çağrılaraq 10 il müddətinə həbs cəzasına məhkum edilib. Dekabr ayında həbs edilən İ.Şərqidən biq ay yarımdır ailəsi xəbər almırdı.
Hazırda İranda bir neçə nəfər əcnəbi və ya ikili vətəndaşlığı olan şəxsin, o cümlədən azı daha üç nəfər İran – ABŞ vətəndaşının həbsdə olduğu bildirilir.