“Vyanada nüvə sazişinin bərpasına dair danışıqlarda ayrı-ayrı müsbət irəliləyişlər müşahidə olunur, lakin hələlik nəticələr Tehranın gözləntilərini doğrultmur”.
“Report” xəbər verir ki, bunu İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Josep Borrellə telefon danışığı zamanı deyib.
Diplomatın sözlərinə görə, dialoq indi mühüm mərhələyə çatıb:
“Danışıqların əvvəlki raundundan sonra müəyyən müsbət irəliləyişlər oldu, lakin indiyə qədər gözləntilərimiz özünü doğrultmadı. Bütün tərəflər razılığa gəlmək, siyasi qərarlar qəbul etmək istəyi ilə Vyanaya gəlməlidirlər. Biz yalnız o zaman iqtisadi maraqlarımızı davamlı və təhlükəsiz şəkildə təmin etməklə bağlı yaxşı razılığa gələ bilərik”.
Öz növbəsində İran Məclisinin üzvü Məlek Şəriəti bildirib ki, Vyanada nüvə sazişi üzrə razılaşma əldə olunarsa, ABŞ-ın İrana qarşı sanksiyalarının ləğvinin yoxlanılması prosesi altı aya qədər çəkə bilər.