İran Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir

Region
  • 22 oktyabr, 2022
  • 08:06
İran Ermənistanla ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaq istəyir

İranla Ermənistan arasında ticarət dövriyyəsi perspektivdə 3 milyard dollara çata bilər.

“Report” Ermənistan parlamentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian qanunverici orqanın sədri Alen Simonyanla oktyabrın 22-də İrəvanda keçirdiyi görüşdə bildirib.

İranlı diplomat Qafanda İranın Baş Konsulluğunun açılmasından danışaraq ölkəsinin sərhəddə və ya Ermənistan vasitəsilə tranzit məsələsində maneələrə qarşı çıxdığını, regionun inkişafının tərəfdarı olduğunu vurğulayıb. O həmçinin qeyd edib ki, İran Təbrizdə Ermənistan konsulluğunun açılmasında maraqlıdır.

Tərəflər İranın Qafandakı konsulluğunun ticarət-iqtisadi, nəqliyyat və enerji əlaqələrinin inkişafına töhfə verəcəyini bəyan ediblər. Onlar iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması imkanlarından da danışıblar. Hazırda İranla Ermənistan arasında ticarət dövriyyəsinin həcmi 700 milyon dollara yaxındır.

Qeyd edək ki, oktyabrın 21-də İranın Qafanda Baş Konsulluğunun açılışı olub.