İmam cümədən etiraf: “Təbrizin əvvəlki əzəmətini qaytarmalıyıq"
- 14 iyul, 2023
- 09:05
“Təbrizin əvvəlki əzəmətini qaytarmalıyıq və qaytaracağıq”.
“Report” İranın teleqram kanallarına istinadən xəbər verir ki, bunu Güney Azərbaycanın Təbriz şəhərinin imam cüməsi Məhəmməd Əli Əl-Haşim bildirib.
Onun sözlərinə görə, Şərqi Azərbaycan əyalətini, milli qəhrəmanları, Azərbaycan tarixini və sivilizasiyasının əzəmətini dünyaya göstərib, yenidən tanıtmaq lazımdır.
İmam cümə vurğulayıb ki, dövlət orqanlarının məmurları elm, ədəbiyyat, incəsənət, din və mədəniyyət xadimlərinə sağlığında qiymət vermək üçün bu məsələyə ciddi diqqət yetirməlidirlər.
Qeyd edək ki, Əl-Haşim İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneinin Təbriz üzrə nümayəndəsidir. Mütəxəssislər bunu imam cümənin etirafı kimi qiymətləndirir. Çünki son 100 ilə yaxındır Təbriz əvvəlki nüfuzunu, mahiyyətini, qüdrətini itirməkdədir. Hakimiyyət daha çox farsdilli əyalətlərə, məsələn, Şiraz, İsfahan, Məşhədə diqqət ayırır. Bu isə tarixi "İpək yolu"nun üstündə yerləşən Təbrizin ikinci plana keçməsinə səbəb olub. İmam cümənin etirafı həm də Tehran hakimiyyəti üçün mesajdır və Güney Azərbaycana ögey münasibətdən doğulan etirazların qarşısının alınmasına hesablanıb.