Gürcüstanda “Vakedə klinika” tibb müəssisəsi Heydər Əliyevin anım gününə həsr olunmuş pulsuz müayinə aksiyası keçirib - REPORTAJ

Gürcüstanda “Vakedə klinika” tibb müəssisəsi Heydər Əliyevin anım gününə həsr olunmuş pulsuz müayinə aksiyası keçirib - REPORTAJ Aksiya azərbaycanlıların yığcam yaşadıqları Marneulidə təşkil olunub
Region
176
4 Dekabr , 2016 19:33
Gürcüstanda “Vakedə klinika” tibb müəssisəsi Heydər Əliyevin anım gününə həsr olunmuş pulsuz müayinə aksiyası keçirib - REPORTAJ

Tbilisi. 4 dekabr. REPORT.AZ/ Gürcüstanda fəaliyyət göstərən “Vakedə klinika” adlı səhiyyə müəssisəsi dekabrın 4-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda pulsuz müayinə aksiyası keçirib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya Azərbaycan xalqının ümummilli lideri, Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyevin anım gününə həsr olunub.

Aksiyada 100-dən çox azərbaycanlı, eləcə də gürcü və digər millətlərin nümayəndələri pulsuz olaraq həkim müayinəsindən keçiblər.

“Vakedə klinika”nın 20-dən çox yüksək ixtisaslı həkimi müasir texniki avadanlığın köməyi ilə insanları müayinə edib, müalicələri ilə bağlı tövsiyələrini veriblər.

Klinikanın baş direktoru və təsisçisi, professor Zinaida Vaşakidze "Report"a müsahibəsində deyib: “Bir neçə gündən sonra Azərbaycanda və Gürcüstanda dünyanın məşhur siyasi xadimlərindən biri, gürcü xalqının böyük dostu Heydər Əliyevin anım günü qeyd olunacaq. Bilirsiniz ki, Heydər Əliyev təkcə azərbaycanlıların deyil, bizim də sevdiyimiz şəxsiyyətlərdən biridir. O, Gürcüstanın da inkişafında, insanların sağlamlığının qorunmasında mühüm rol oynayıb. Belə bir dahi şəxsiyyətin anım günü ərəfəsində azərbaycanlılar yaşayan bölgələrdə pulsuz müayinələr təşkil etmək bizim üçün şərəfdir. Heydər Əliyev gürcü xalqının xatirəsində əbədi yaşayacaq”.

Klinikanın baş həkiminin azərbaycanlılarla iş üzrə köməkçisi Aysel Məmmədova isə bildirib ki, bu cür aksiyalar azərbaycanlıların yığcam yaşadıqları Bolnisi, Qardabani, Dmanisi və digər bölgələrdə də təşkil edəcəyik. Məqsəd ulu öndər Heydər Əliyevi yad etməklə yanaşı, insanların sağlamlığına diqqəti artırmaq, onlara lazımı tibbi yardım göstərməkdir.

Kvemo Kartli-Borçalı bölgəsinin qubernatoru Paata Xzinaşvili deyib ki, Heydər Əliyev kimi dahi şəxsiyyətin, siyasi xadimin xatirəsi Gürcüstanda ehtiramla yad olunur. “Vakedə klinika”nın həkimlərinin Marneulidə belə bir aksiya keçirməsi bütün gürcülərin ürəyincədir. Gürcüstan dövləti və hökuməti klinikanın həkimlərinin bu addımını alqışlayır və müdafiə edir.

Qeyd edək ki, müayinə üçün Marneuliyə qonşu rayonlardan gələnlər var. Dmanisi rayonundan gəlmiş Oysandıq Həsənova bu cür aksiyaların təşkilini yüksək qiymətləndirib: “Bəzi insanların rayon mərkəzinə və paytaxta həkimə getməyə imkanı yoxdur. Müayinə üçün xeyli pul lazımdır. Həkimlərin bizə belə bir imkan yaratması hamımızın ürəyincədir. Mən müayinə olundum və müalicə üçün çox səmərəli məsləhətlər aldım. Çox razıyam və minnətdarlığımı bildirirəm”.

Son xəbərlər

Orphus sistemi