Gürcüstanın hakim partiyası Qələbə Gününün tarixinin dəyişdirilməsini dəstəkləmir

Region
  • 18 aprel, 2022
  • 13:13
Gürcüstanın hakim partiyası Qələbə Gününün tarixinin dəyişdirilməsini dəstəkləmir

Gürcüstanın hakim Gürcü Arzusu Partiyası 9 May - faşizm üzərində Qələbə Gününün mayın 8-nə dəyişdirilməsi təşəbbüsünü dəstəkləmir.

“Report”un yerli bürosu xəbər verir ki, məsələ ilə bağlı müxalifəti təmsil edən deputatların Əmək Məcəlləsinə hazırladıqları düzəlişlər layihəsinə parlamentin büro iclasında baxılıb.

Spiker Şalva Papuaşvili deyib ki, 9 May NATO üzvü olan Rumıniya və Holokost faciəsinə məruz qalmış İsraildə də Qələbə Günü kimi qeyd edilir.

Müzakirələr zamanı “Gürcü Arzusu”ndan olan deputatlar bildiriblər ki, veteranlar üçün faşizm üzərinə qələbə mayın 9-dur və qərarın qəbulu prosesində bu tarixi bəxş edənlərin rəyi də nəzərə alınmalıdır.

Qanun layihəsinin təşəbbüskarlarından biri Giorgi Vaşadze qeyd edib ki, Gürcüstan faşizm üzərində qələbəni Rusiya ilə deyil, Avropa ölkələri ilə bir gündə qeyd etməlidir.

İclasda çoxluğun qərarı ilə qanun layihəsinə sürətləndirilmiş qaydada baxılması məsələsi dəstəklənməyib.

Xatırladaq ki, Gürcüstan parlamentində müxalifəti təmsil edən bir neçə deputat faşizm üzərində Qələbə Gününün mayın 9-u əvəzinə mayın 8-də qeyd olunmasını təklif edir. Onlar bununla bağlı ölkənin Əmək Məcəlləsinə düzəlişlər layihəsi hazırlayıblar. Layihə müəllifləri mayın 8-nin qeyri-iş günü elan olunmasını təklif edirlər.