“Gürcüstan Prezidenti deyəsən yanılır. Onun anlaşılmazlıq içində olduğunu güman edirəm. Ümid edirəm ki, hər şey tezliklə aydınlaşacaq və suallar aradan qaldırılacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Onun sözlərinə görə, hər bir vətəndaş və ilk növbədə ali siyasi xadimlər ölkənin əsas qanunu olan konstitusiyaya hörmət etməlidirlər.
“Regionda mürəkkəb proseslər, Ukraynada genişmiqyaslı müharibə gedir. Hökumətin hər bir üzvü hesab edir ki, Gürcüstan Prezidenti, Ali Baş Komandan həmin vaxt ölkədə olmalıdır”, - İ.Qaribaşvili söyləyib.
Baş nazir qeyd edib ki, ölkə konstitusiyasına əsasən, xarici siyasəti Gürcüstan parlamenti müəyyən edir və Gürcüstan hökuməti həyata keçirir:
“Buna müvafiq olaraq, dövlət başçısının istənilən görüşü və ya səfəri konstitusiyaya uyğun olaraq Gürcüstan hökuməti ilə razılaşdırılmalıdır”.