Gürcüstanda qalan Azərbaycan vətəndaşları və soydaşlarımızın növbəti təxliyəsinə hazırlıq görülür.
Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslər arasında 150-yə yaxın Azərbaycan vətəndaşı və təxminən 100 nəfər gürcüstanlı soydaşımız var. Siyahıda azərbaycanlı olan 8 Rusiya və 1 Türkiyə vətəndaşı da yer alıb.
Qeyd olunub ki, təxliyə olunacaq şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada koronavirusla bağlı testdən keçirilirlər.
COVID-19 testi neqativ nəticələnəcək azərbaycanlılar iyulun 29-da saat 10:00-da 4 avtobusla Azərbaycan səfirliyinin binası qarşısından “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.
Xatırladaq ki, indiyədək Gürcüstan ərazisi vasitəsilə 1 000 Azərbaycan vətəndaşı Vətənə çatdırılıb.