Gürcüstanda fəaliyyət göstərən Azərbaycan mədəniyyət ocaqlarının dövlət büdcəsindən maliyyələşdirilməsi artırılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu, qonşu ölkənin 2021-ci il üçün dövlət büdcəsinin layihəsində bildirilib.
Parlamentə təqdim olunan yekun sənədə əsasən, Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinə 64 min lari (33 min manat) həcmində vəsaitin ayrılması nəzərdə tutulub. Bu məbləğ cari ildə ayrılan vəsaitdən 17 min lari çoxdur. Muzey 62 min larini əməkhaqları və digər xərclərin ödənilməsinə yönəldəcək, 2 min larini isə qanunla icazə verilən fəaliyyət əsasında əldə edə biləcək.
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrına isə gələn il 188,4 min lari (96,4 min manat) vəsait ayrılacaq ki, bunun da 182,4 min larisi əməkhaqları və digər xərclərin qarşılanması üçün nəzərdə tutulub. Teatr il ərzində 6 min lari həcmində qanunvericiliyə uyğun fəaliyyət əsasında gəlir əldə etmək hüququna malik olacaq. İllik müqayisədə teatrın dövlət büdcəsindən maliyyələşdirilməsi 43,4 min lari həcmində artıb.