Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkədə əvvəlcədən yazılmış və razılaşdırılmış bir inqilab planının olduğunu və bu planın həyata keçirilməsinə xarici maliyyə yardımı alındığını qeyd edib.
"Report"un yerli bürosu xəbər verir ki, Baş nazir bu barədə yeni hökumətin ilk iclasında deyib.
Onun sözlərinə görə, Gürcüstanda "Maidan" heç vaxt keçirilməyib və keçirilməyəcək.
"Biz görürük ki, razılaşdırılmış və əvvəlcədən yazılmış bir plan var və bu plana xarici maliyyə dəstəyi cəlb edilib. Bu planın həyata keçirilməsi məqsədilə bəzi insanlar qanun qəbul edilməsi zamanı şəffaflıqdan qaçmaq istəyirdilər. Beləliklə, inqilabi ssenarilər qeyri-müəyyən şəkildə maliyyələşdirildi. Son 4 ildə 3 inqilabi cəhd gördük. Biz bu prosesi xarici maliyyə dəstəyi ilə müşahidə etdik", - İ.Kobaxidze qeyd edib.
O əlavə edib ki, Gürcüstan ləyaqətli ölkədir:
"Müstəqilliyimiz və suverenliyimizlə qürur duyuruq və əlbəttə ki, sona qədər ehtiyatlı olacağıq. Heç kimə müstəqilliyimizi və suverenliyimizi xarici müdaxilə yolu ilə zədələməyə imkan verməyəcəyik”.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxalifətin etiraz aksiyaları fonunda yeni hökumətin ilk iclasını keçirir.
“Report” Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.