Gürcüstanda növbəti iqtidar-müxalifət dialoqu iflasa uğrayıb

Gürcüstanda növbəti iqtidar-müxalifət dialoqu iflasa uğrayıb Gürcüstanda siyasi böhranın aradan qaldırılması üçün hakimiyyət və müxalifət arasında danışıqların növbəti mərhələsi də uğursuz nəticələnib
Region
31 Mart , 2021 09:19
Gürcüstanda növbəti iqtidar-müxalifət dialoqu iflasa uğrayıb

Gürcüstanda siyasi böhranın aradan qaldırılması üçün hakimiyyət və müxalifət arasında danışıqların növbəti mərhələsi də uğursuz nəticələnib.

“Report”un yerli bürosu xəbər verir ki, ötən gün Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin şəxsi nümayəndəsi Kristian Danielsonun vasitəçiliyi ilə baş tutan dialoqda tərəflər konkret təkliflər üzrə razılığa gəlməyiblər.

Altı saatdan çox davam edən görüşdən sonra mediator təəssüflə bildirib ki, danışıqlar masasında kompromisə nail olmağa hazırlıq ifadə edilməyib. Onun sözlərinə görə, təklif olunan razılaşma Gürcüstanda mövcud siyasi böhranı aradan qaldıra bilərdi, lakin heç bir partiya qərar qəbul etməyib.

“Gürcüstanın gələcək yolu” adlı razılaşmada seçki və məhkəmə islahatları, parlamentdə hakimiyyət bölgüsü və bu ilin oktyabrında keçiriləcək yerli seçkilərlə bağlı təkliflər yer alıb.

Danışıqlarda hakimiyyəti Gürcü Arzusu Partiyasının sədri İrakli Kobaxidze və parlament sədri Arçil Talakvadze, müxalifəti isə 7 partiyanın nümayəndəsi təmsil edib.

Dialoqun başa çatmasından sonra tərəflər bir-birilərini güzəştə getməməkdə günahlandırıblar.

Qeyd edək ki, qonşu ölkədə siyasi böhran ötən ilin oktyabrın 31-də keçirilən parlament seçkilərindən sonra başlayıb. Bu ilin fevralın 23-də müxalif Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliyanın həbsindın sonra böhran daha da kəskinləşib.

K.Danielsonun vasitəçiliyi ilə bu ilin martın 18-də iqtidarla müxalifətin apardığı dialoq da heç bir nəticə verməyib.

Son xəbərlər

Orphus sistemi