Gürcüstanda karantin müddəti azaldılıb

Region
  • 10 fevral, 2022
  • 11:33
Gürcüstanda karantin müddəti azaldılıb

Gürcüstanda koronavirusa yoluxan şəxslər və onlarla təmasda olanlar üçün özünütəcrid və karantin müddəti azaldılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi qərar qəbul edib.

Qərara əsasən, COVID-19 infeksiyasını simptomsuz və yüngül keçirən tibbi və təhsil müəssisələri, hüquq-mühafizə orqanlarında çalışanlar üçün karantin müddəti 5 gün təşkil edəcək. Özünütəcridin başa çatması üçün testin neqativ nəticəsi tələb olunacaq. Beşgünlük karantindən çıxanların növbəti 5 gün ərzində qoruyucu maskadan istifadəsi təkidlə tövsiyə olunub.

Xəstəliyi simptomsuz və yüngül formada keçirən digər şəxslərin karantin müddəti isə 7 gün müəyyən edilib və bu halda tesin neqativ cavabı tələb olunmur. Bu müddət başa çatandan sonra da növbəti 5 gün ərzində qoruyucu maskadan istifadə təkidlə tövsiyə edilib.

Xəstəliyi orta ağır və ağır formada keçirənlər üçün isə özünütəcrid müddəti dəyişməz olaraq 10 gün qalır.

COVID-19 xəstəsi ilə təmasda olan, vaksin vurdurmamış və yaxud tam peyvənd olunmamış şəxslər üçün karantin müddəti 5 gün olacaq.