Gürcüstanın əsas müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasına (VMHP) sədr onlayn səsvermə yolu ilə seçiləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu gün başlayan proses dekabrın 25-i saat 21:00-dək davam edəcək.
Səsvermədə partiyanın həm üzvləri, həm də tərəfdarları iştirak edə biləcəklər.
VMHP-dən bildirilib ki, ilk dəfədir Gürcüstanda partiya sədri elektron səsvermə yolu ilə seçilir və bu metodun tətbiqi şəffaflıq, hesabatlılıq, vətəndaş iştirakının artırılması məqsədi daşıyır.
Sədr vəzifəsinə iki nəfər – Nika Meliya və Levan Varşalomidzenin namizədliyi irəli sürülüb.
Qeyd edək ki, 2001-ci ildə təsis olunan VMHP-nin lideri Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilidir. Partiyanın keçmiş sədri Qriqol Vaşadze bu ilin dekabrın 15-də istefa verib.