Gürcüstanın Marneuli şəhərindəki "Gürcüstan Azərbaycanlıları İnteqrasiya Mərkəzin"də (GAİM) məktəblilər arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev 100" adlı bilik yarışması keçirilib.
"Report"un yerli bürosu xəbər verir ki, GAİM-in təşkilatçılığı, Azərbaycan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil olunan yarışda Marneuli ilə yanaşı, Qardabani, Bolnisi və Dmanisi rayonlarından 100-dək şagird, 20 komanda mübarizə aparıb.
Yarış 2 mərhələdə keçirilib. Birinci mərhələdə şagirdlər hər biri 7 və 6 nəfər olmaqla mübarizə aparıblar. İki ən çox bal toplayan komanda finala yüksəlib.
Final mərhələsində Böyük Muğanlı kənd məktəbi 1-ci, Candar kənd məktəbi 2-ci, Marneuli şəhər 3 saylı məktəbin şagirdləri 3-cü yerə yüksəliblər.
Yarışda iştirak edən hər bir iştirakçıya sertifikatlar, hədiyyə olaraq məktəbli çantası, şahmat dəsti, məktəbliyə lazım ola biləcək dəftərxana ləvazimatları təqdim olunub. Qalib komandalara isə tutduqları yerdən asılı olaraq hədiyyələr verilib.
Yarış iştirakçıları fenomen şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, eləcə də tarix, ədəbiyyat, coğrafiya, incəsənət və idman fənləri üzrə 100-dən çox sualı cavablandırıblar.