Gürcüstanda genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçiriləcək.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.
Onun sözlərinə görə, 63 bələdiyyəni əhatə edəcək layihə çərçivəsində əhəmiyyətli mədəni və tarixi irs obyektləri, inzibati binalar, rekreaksiya məkanları və turizm infrastrukturu bərpa olunacaq: “Gürcüstanda bir çox məkanlar var ki, onları ilk növbədə vətəndaşlarımız, eyni zamanda qonaqlar və turislər üçün daha da cəlbedici etmək lazımdır”.
Hökumət başçısı qeyd edib ki, proqramın həyata keçirilməsi ilə 15 min yeni iş yeri yaradılacaq.
İ.Qaribaşvili regionların yenilənməsi layihəsinin ilk mərhələsinə 500 milyon lari həcmində vəsaitin ayrılacağını bildirib: “Tenderlər bu həftə elan olunacaq və genişmiqyaslı işlərə iyun ayından başlanılacaq”.