“Məqsədimiz Gürcüstanda yaşayan bütün etnik qrupları mədəniyyətlərarası dialoq və inteqrasiya mühitində bir-birinin mədəniyyəti, dili və ənənələri ilə tanış etməkdir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri Tea Axvlediani deyib.
O bildirib ki, bu məqsədlə müxtəlif etnik qrupların teatr, muzey, kitabxanalarının fəaliyyətinə və mədəni tədbirlərinə dəstəyin göstərilməsi nəzərdə tutulub.
Dövlət nazirinin sözlərinə görə, etnik cəhətdən müxtəlif Gürcüstanda tolerantlıq mühitinin gücləndirilməsi və demokratik cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biri mədəni müxtəlifliyin təşviqi, mədəni irsin qorunması və hörmət edilməsi, həmçinin etnomədəniyyətlərarası əlaqələrin möhkəmləndirilməsidir.
T.Axvlediani qeyd edib ki, növbəti 10 il üçün fəaliyyət strategiyasının əsas hədəfləri etnik baxımdan müxtəlif bir cəmiyyətin hər bir üzvünün rifahının, sosial bərabərliyinin və həyat şəraitinin yaxşılaşdırılması, dövlət proqramı və xidmətlərinə əlçatanlığının genişləndirilməsindən ibarətdir.