Gürcüstan hökuməti koronavirus pandemiyası səbəbindən tətbiq olunan bir neçə məhdudiyyətin aradan götürülməsi barədə qərar qəbul edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Dövlət Qurumlarıarası Koordinasiya Şurasının iclasında bildirilib.
Qərara əsasən, sabahdan şəhərlərarası ictimai nəqliyyatın fəaliyyəti bərpa olunur.
Fevralın 25-dən həmçinin dağ kurortlarında mehmanxanalar qonaq qəbul edə biləcəklər. Martın 1-dən dövlət və özəl uşaq bağçaları açılacaq. Martın 8-dən isə kanat yollarından istifadəyə icazə veriləcək.
Bundan başqa, martın 15-dən teatrlar, idman klubları, peşəkar ansambllarda məşq və təlimlərin keçirilməsi mümkün olacaq, aprelin 1-dən isə fəaliyyət tam bərpa olunacaq.
Martın 15-dən həmçinin ali məktəblərdə əyani tədrisə başlanılacaq.
Muzey və kitabxanalar isə fəaliyyətlərini martın 1-dən etibarən bərpa edəcəklər.