Gürcüstanda azərbaycanlının intiharı ilə bağlı istintaqa başlanılıb

Gürcüstanda azərbaycanlının intiharı ilə bağlı istintaqa başlanılıb Gürcüstanın Marneuli rayonunda R.B. adlı şəxsin intiharı ilə bağlı istintaq tədbrilərinə başlanılıb.
Region
18 May , 2022 20:05
Gürcüstanda azərbaycanlının intiharı ilə bağlı istintaqa başlanılıb

Gürcüstanın Marneuli rayonunda R.B. adlı şəxsin intiharı ilə bağlı istintaq tədbrilərinə başlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xüsusi İstintaq Xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı hüquq-mühafizə orqanları əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması istisna edilmir.

Xidmətdən bildirilib ki, işin hallarının müəyyən edilməsi üçün qısa vaxt ərzində bütün prosesual və istintaq tədbirləri həyata keçiriləcək:

“İntiharın baş verdiyi yerə baxış keçirilib, mühüm sübutlar, o cümlədən mərhumun paltarları və ekspertizaya lazım olan nümunələr götürülüb. Bununla yanaşı, həmin şəxsin qardaşı da dindirilib. İntihar etmiş şəxsin ailə üzvlərinin istintaqa cəlbi təmin ediləcək və onların iş üzrə materiallarla tanışlıq imkanı olacaq”.

Yerli mətbuatın yazdığına əsasən, intihar hadisəsi mayın 16-da Marneulinin Qaçağan kəndində baş verib. İntihar edən şəxsin 45 yaşlı R.Bayramov olduğu bildirilir. Yaxınları onun intiharında polis əməkdaşlarını günahlandırırlar. Onlar iddia edirlər ki, kənddə törədilmiş oğurluq faktına görə R.Bayramov polis bölməsinə dindirilməyə aparılıb və ona qarşı fiziki zorakılığa yol verilib, intihar da bundan sonra baş verib.

Son xəbərlər

Orphus sistemi