Gürcüstanda Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə beynəlxalq yarış keçirilə bilər

Gürcüstanda Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə beynəlxalq yarış keçirilə bilər Gürcüstanda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Cəlil Səfərovun xatirəsinə kikboksinq üzrə beynəlxalq yarışın keçirilməsi təklif olunur.
Region
12 Sentyabr , 2019 10:29
Gürcüstanda Azərbaycanın Milli Qəhrəmanının xatirəsinə beynəlxalq yarış keçirilə bilər

Gürcüstanda Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ şəhidi Cəlil Səfərovun xatirəsinə kikboksinq üzrə beynəlxalq yarışın keçirilməsi təklif olunur.

“Report”un yerli bürosu xəbər verir ki, bu təklif ötən gün Azərbaycanın Gürcüstandakı səfirliyində Azərbaycan dilli məktəblərin direktor və müəllimləri ilə keçirilən görüşdə səsləndirilib.

Milli Qəhrəmanın qardaşı oğlu, kikboksinq üzrə məşqçi Namiq Səfərov beynəlxalq yarışın keçirilməsinə dəstəyin göstərilməsi üçün Azərbaycan səfiri Dursun Həsənova müraciət edib.

Səfir gənc idmançının təklifinin nəzərə alınacağını bildirib.

Qarabağ şəhidinin yaxını “Report”a təklifi barədə ətraflı danışıb. O bildirib ki, yarışın təşkil olunmasında məqsəd əmisi C.Səfərovun xatirəsini yaşatmaq və azərbaycanlı gənclər arasında onun şərəfli həyat yolunu təbliğ etməkdir: “Beynəlxalq yarışın Marneulidə keçirilməsini təklif edirəm. Yarışa Gürcüstanla yanaşı, Azərbaycan və Türkiyədən də idmançılar dəvət etmək olar. Turniri hər il təşkil etmək və iştirakçı ölkələrin sayını artırmaq olar”.

N.Səfərov deyib ki, Gürcüstanda C.Səfərovun adını daşıyacaq idman kompleksi inşa etdirmək arzusudur: “Kompleksdə əmimin xatirə muzeyini də yaratmaq olar. Mərkəzdə azərbaycanlı gənclər arasında həm vətənpərvərlik hissi, həm də sağlam həyat tərzini təbliğ etmək olar”.

Qeyd edək ki, C.Səfərov Marneuli rayonunun Lejbəddin kəndində anadan olub. O, 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə 30 yaşında qəhrəmancasına həlak olub. Şəhidə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. C.Səfərov Bakıda Şəhidlər Xiyabanında dəfn olunub. Sumqayıt şəhərində 10 saylı məktəb onun adını daşıyır. Lejbəddin kəndində qəhrəmanın xatirə abidəsi ucaldılıb. 

Son xəbərlər

Orphus sistemi