Gürcüstanda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 103-cü ildönümü qeyd olunur.
“Report”un yerli bürosu xəbər verir ki, ilk öncə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, səfirlik əməkdaşları, “SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov, azərbaycanlı iş adamları, ziyalılar və digər şəxslər Tbilisidə Heydər Əliyev adına parkda ümummilli liderin büstünü ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra şəhərin Botanika bağındakı görkəmli azərbaycanlıların panteonunda AXC-nin qurucularından olan Fətəli xan Xoyski və Həsən bəy Ağayevin xatirələri anılacaq.
28 May - Respublika Gününə həsr olunan tədbirlərə Marneulidə yekun vurulacaq. Gürcüstan və Azərbaycanın dövlət bayramlarına həsr olunan kikboksinq turnirinin final qarşılaşmaları baş tutacaq, qaliblər mükafatlandırılacaq, azərbaycanlı və gürcü sənət ustalarının iştirakı ilə konsert proqramı təqdim ediləcək.